Ötən ilin noyabrında ABŞ hökuməti ilə bağladığı razılaşmaya əsasən, kriptovalyuta birjası Binance-in baş direktoru vəzifəsindən istefa verən Çanqpenq Zhao 4 ay həbs cəzasına məhkum edilib.
Ednews m.bloomberght-ə istinadən xəbər verir ki, Seattle Federal Məhkəməsində baxılan cinayət işində prokurorlar çəkindirici olaraq Zhaoya 3 il həbs cəzası, müdafiə vəkilləri isə 5 ay nəzarət altında azadlığa buraxılmasını istəyib.
Zhaonun vəkilləri keçmiş baş direktorun səhvini etiraf etdiyini, ABŞ-a könüllü gəldiyini, əvvəllər heç bir qanunu pozmadığını və əməkdaşlıq etdiyini iddia etdilər.
Bir vaxtlar kriptovalyuta sənayesinin ən güclü adamı sayılan və “CZ” kimi tanınan Zhao “çirkli pulların yuyulmasına qarşı lazımi müdafiəni təmin etmədiyi” üçün 4 ay həbs cəzasına məhkum edilib.
Binance 4,3 milyard dollar cərimələnib
Keçən ilin noyabrında ABŞ hökuməti dünyanın ən böyük kriptovalyuta birjası olan Binance-i çirkli pulların yuyulmasına qarşı mübarizə və sanksiyalar qanunlarını pozduğuna görə 4,3 milyard dollar cərimələyib. Sözügedən cərimə məbləği ölkədə tətbiq edilən ən böyük cərimələrdən biri olub.
Zhao Binance ilə bağlı araşdırmanı həll etmək üçün ABŞ hökuməti ilə müqavilə bağlamışdı.
Çində anadan olan və 12 yaşında Kanadaya mühacirət edən Zhao müqavilə çərçivəsində istefaya getməyə və 50 milyon dollar cərimə ödəməyə razı olub.
Zhao həmçinin X hesabındakı yazısında səhvlərə yol verdiyini və məsuliyyəti öz üzərinə götürməli olduğunu bildirib.
Xəyal Ramiz